İQTİSADİYYAT
ARDNŞ-in kadr hazırlığının təşkili mərkəzinə qaz avadanlıqlarının istismarı və təmiri peşəsinə şagird qəbulu müsabiqəsi başa çatmışdır
Bakı, 26 sentyabr (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) təlim, tədris və sertifikatlaşdırma idarəsinin kadr hazırlığının təşkili mərkəzinə qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə şagird qəbulu müsabiqəsi başa çatmışdır.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, müsabiqənin birinci mərhələsinə elektron sənəd qəbulu avqustun 25-də başlanmış və sentyabrın 9-da başa çatmışdır.
Müraciətlərin elektron qəbul edilməsinin məqsədi obyektivliyi və şəffaflığı təmin etmək olmuşdur. Müsabiqədə iştirak etmək üçün müraciət etmiş 192 nəfərdən 159-u növbəti mərhələyə buraxılmışdır.
Müsabiqənin ikinci mərhələsi olan namizədlərin elektron müraciət formasında qeyd olunan sənədlərin əslinin yoxlanılmasını təmin etmək və test imtahanına buraxılış vəsiqəsi verilməsi məqsədilə sentyabrın 16-da müsahibə keçirilmişdir. Müsahibə zamanı sənədlərində uyğunsuzluq aşkarlanan iddiaçılar müsabiqədən kənarlaşdırılmışdır. Müsabiqənin üçüncü mərhələsi olan test imtahanı sentyabrın 21-də TTSİ-nin inzibati binasında keçirilmişdir. Test imtahanında iştirak etmək üçün buraxılış vərəqəsini almış 87 namizəddən 80 nəfəri imtahanda iştirak etmişdir. Müsabiqənin yekununda əldə olunan ümumi nəticəyə görə 30 nəfər kadr hazırlığının təşkili mərkəzinə şagird qəbulu müsabiqəsinin qalibi seçilmişdir.