İQTİSADİYYAT
ARDNŞ-in pavilyonu Türkmənistanda keçirilən sərgidə xüsusi sertifikata layiq görülüb
Bakı, 24 noyabr, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Türkmənistanın paytaxtı Aşqabadda keçirilən “Türkmənistanın nefti və qazı-2014” 19-cu Beynəlxalq sərgi-konfransında ilk dəfə olaraq öz pavilyonu ilə iştirak edib.
ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, son illərdə Azərbaycanın neft-qaz sənayesinin bir çox sahələrində əldə edilən uğurlar və nailiyyətləri, həmçinin şirkətin imkanlarını əks etdirən eksponatlar sərgiyə gələn yerli və xarici qonaqlarda böyük maraq doğurub, gələcəkdə Dövlət Neft Şirkəti ilə əməkdaşlıqla bağlı müxtəlif təkliflər verilib. ARDNŞ-in pavilyonu Türkmənistanın Ticarət-Sənaye Palatasının xüsusi sertifikatına layiq görülüb.
Beynəlxalq konfransda çıxış edən ARDNŞ-in prezidenti R.Abdullayev şirkətin Türkmənistana neft-qaz sahəsində layihələrin reallaşdırılması üçün infrastrukturu, şaxələndirilmiş neft-qaz boru kəmərləri sistemini və digər imkanları təqdim etməyə hazır olduğunu qeyd edib.
Bildirilib ki, bu ilin sentyabrında təməli qoyulmuş, Azərbaycan qazının Türkiyə və Avropaya nəqlini nəzərdə tutan “Cənub” qaz dəhlizi layihəsi qlobal əhəmiyyətli meqa-layihədir. Layihənin tərkib hissələri - Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi, TANAP və TAP kəmərlərinin inşası istiqamətlərində görülən işlər haqqında da iştirakçılara ətraflı məlumat verilib.