İQTİSADİYYAT
ARDNŞ-in Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsində beynəlxalq standart üzrə sertifikatın yenilənməsi məqsədi ilə audit keçirilmişdir
Bakı, 8 aprel (AZƏRTAC). Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) bütün müəssisələrinin təyinata uyğun olaraq ISO seriyalı sertifikatlaşdırılması işini uğurla həyata keçirən Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsi (TTSİ) bu işi beynəlxalq standartların tələbləri səviyyəsində qurmaq üçün qaynaqçıların hazırlanması, sertifikatlaşdırılması və attestasiyasını “Personal sertifikatlaşdırılmasını həyata keçirən müəssisələr üçün ümumi kriteriyalar” və “Qaynaqçı bacarıq sınağı” beynəlxalq standartın tələblərinə uyğun həyata keçirir.
AZƏRTAC xəbər verir ki, bu sahədə işlərin yetərliliyinin müəyyən edilməsi ilə əlaqədar olaraq Türk Akkreditasiya Təşkilatının nümayəndələri tərəfindən növbəti audit keçirilmiş, beynəlxalq standartın tələblərinin müəssisədə yerinə yetirilməsi vəziyyəti yoxlanılmışdır. TTSİ-nin rəisi Fuad Süleymanovun rəhbərliyi ilə keçirilmiş toplantıda auditorların nəzərinə çatdırılmışdır ki, qurum idarə, təşkilat və fərdi müraciətlərə əsasən TS EN ISO/IEC 17024 və TS EN 287-1 beynəlxalq standartların tələb və şərtlərinə uyğun olaraq müxtəlif qaynaq metodları üzrə qaynaqçı heyətinin nəzəri və praktik sınağını həyata keçirir. Bu sınaqlardan müvəffəqiyyətlə keçən qaynaqçılara ARDNŞ və ya beynəlxalq “TÜRKAK” loqolu sertifikatlar təqdim olunur.
Toplantıda baş auditor, Türk Akkreditasiya Təşkilatının nümayəndəsi Rəcəb Ayvalık və Mehmet Aydıngülü iştirak etmişlər.
İki gün ərzində idarənin müvafiq fəaliyyət sahələri üzrə audit keçirilmiş, bağlanış toplantısında çıxış edən auditorlar görülən işləri müsbət qiymətləndirmişlər. Akkreditasiya müddətinin davam etdirilməsi qərara alınmışdır.