İQTİSADİYYAT
ARDNŞ “Mitsubişi” korporasiyası ilə əməkdaşlıq edəcəkdir
Bakı, 8 iyun (AZƏRTAC). ARDNŞ prezidenti Rövnəq Abdullayev “Mitsubişi” korporasiyasının baş vitse-prezidenti, Türkiyə, Mərkəzi Asiya və Qafqaz ofisinin rəhbəri Hiroşi Miyoşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirmişdir.
R.Abdullayev dəvəti qəbul edərək XIX Beynəlxalq Xəzər neft, qaz, neftayırma və neft kimyası sərgi-konfransında iştirak etdikləri üçün qonaqlara təşəkkürünü bildirmişdir.
Səmimi qəbul üçün minnətdarlığını bildirən “Mitsubişi” korporasiyasının baş vitse-prezidenti Bakıda keçirilən sərgi-konfransda iştirak etməkdən məmnun olduğunu söyləmiş, “Mitsubişi” korporasiyasının Yaponiya və dünya miqyasında həyata keçirdiyi layihələr haqqında qısa məlumat verərək, ARDNŞ-in neft emalı və neft kimyası sahələrində həyata keçirdiyi layihələrin “Mitsubişi” üçün maraq doğurduğunu vurğulamışdır.
Azərbaycanda həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələrdən bəhs edən Rövnəq Abdullayev neft-qaz sektorunda son illər əldə olunan nailiyyətlər haqqında qonaqlara məlumat vermiş, ölkənin sosial-iqtisadi inkişafında neft sənayesinin rolunu nəzərə çatdırmışdır.
ARDNŞ prezidenti daha sonra şirkətin həyata keçirdiyi layihələr, o cümlədən “Azərikimya” İB-nin yenidən qurulması, Türkiyədəki “Petkim” neft-kimya holdinqinin inkişafı, STAR neft emalı zavodunun, Sumqayıtda və Gürcüstanda karbamid zavodlarının inşası layihələri barədə ətraflı söz açmışdır.
Daha sonra “Mitsubişi” korporasiyasının tətbiq etdiyi yeni texnologiyalar haqqında təqdimat keçirilmişdir.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılmışdır