İQTİSADİYYAT
ARDNŞ nümayəndə heyətinin ABŞ-a səfəri davam edir
Bakı, 8 dekabr (AZƏRTAC). ARDNŞ-in mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, qurumun prezidenti Rövnəq Abdullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ABŞ-ın nüfuzlu ali təhsil ocaqlarından olan Rays Universitetinin rektoru Devid Libron ilə görüşmüşdür. Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin Fərmanına əsasən şirkətin nəzdində Bakı Ali Neft Məktəbinin təsis edilməsi barədə rektora məlumat verən R.Abdullayev bu yeni ali məktəbdə ingilis və Azərbaycan dillərində yüksək standartlara uyğun təhsil veriləcəyini nəzərə çarpdıraraq bu məqsədlə nüfuzlu xarici universitetlərlə əlaqələrin yaradılmasına başlandığını bildirmişdir. Rays Universitetinin rektoru Devid Libron Azərbaycan ilə ABŞ-ın Texas ştatı arasında neft və qaz sənayesinə əsaslanan yaxın əlaqələrin mövcudluğunu dilə gətirmiş, yeni universitetin qurulması işində əməkdaşlıqdan məmnun olacaqlarını söyləmiş, ARDNŞ-ə uğurlar arzulamışdır. Görüşdə Rays Universiteti ilə tanışlığın qarşıdakı mərhələdə həyata keçiriləcək birgə layihələr üçün zəmin yaradacağına əminlik ifadə olunmuşdur.
Rövnəq Abdullayevin növbəti görüşü Hyuston şəhərinin meri xanım Ennis Parkerlə olmuşdur. R.Abdullayev qeyd etmişdir ki, çox sayda hyustonlu iş adamı Bakıda biznes fəaliyyəti ilə məşğul olur. Amerika vətəndaşları olan həmin biznesmenlərin Azərbaycanın tarixi, mədəniyyəti, adət-ənənələri haqqında ətraflı məlumatlar ala bilməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Bu baxımdan Hyustona səfər etməkdə məqsədinin ikitərəfli münasibətlərin yeni səviyyəyə qaldırılmasına töhfə vermək olduğunu deyən ARDNŞ prezidenti şirkətin nəzdində Bakı Ali Neft Məktəbinin yaradılması məsələsi üzərində xüsusi dayanmışdır. R.Abdullayev yeni ali məktəbin fəaliyyətinin beynəlxalq standartlara uyğun qurulmasında ABŞ təhsil sisteminin öyrənilməsinin faydalı olacağını bildirmiş, bu məqsədlə A&M və Rays universitetlərinin rəhbərliyi ilə keçirdiyi görüşlər barədə merə məlumat vermişdir.
Xanım Ennis Parker Azərbaycana səfər edən dostlarının bu ölkə haqqında çox gözəl fikirlər söylədiklərini qeyd edərək, universitetlər səviyyəsində qurulan əlaqələrin Hyuston ilə Bakı arasında münasibətləri daha da gücləndirəcəyinə inandığını bildirmişdir. R.Abdullayev Hyustona biznes məqsədi ilə deyil, təhsilə dəstək vermək məqsədi ilə gəldiyini vurğulayaraq demişdir: “Biz təhsilə böyük əhəmiyyət veririk və sizin yardımınızla biliklər mübadiləsini həyata keçirəcəyik”. Bu il nüfuzlu “Evrovision” mahnı müsabiqəsində Azərbaycanın qalib gəldiyini və gələn il həmin müsabiqənin Bakıda keçiriləcəyini deyən ARDNŞ prezidenti Bakının sürətlə böyüyüb inkişaf etdiyini nəzərə çarpdırmış və bu inkişafa şahid olmaq üçün xanım Ennis Parkeri Bakıya dəvət etmişdir.
Azərbaycanlıların qonaqpərvərliyi haqqında çox eşitdiyini deyən E.Parker əgər imkan olarsa, “Evrovision-2012” müsabiqəsini izləmək üçün Bakıya gəlmək istədiyini söyləmişdir.