SİYASƏT
Argentina Azərbaycan ilə əlaqələrin inkişafında maraqlıdır
Bakı, 4 oktyabr (AZƏRTAC). Bakıda səfərdə olan Argentina Milli Konqresinin Argentina-Azərbaycan dostluq qrupunun üzvləri oktyabrın 4-də Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşlər.
Oqtay Əsədov demişdir ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər ikitərəfli münasibətlərimizin, xüsusən də, parlamentlərarası əlaqələrimizin daha da dərinləşməsinə xidmət edir. Azərbaycan Prezidenti və hökumətimiz Argentina ilə həyatın müxtəlif sahələrində əlaqələrin inkişafına böyük əhəmiyyət verir. Ölkələrimiz arasında imzalanmış sənədlər münasibətlərimizin hüquqi bazasını təşkil edir. Hazırda əlaqələrimizin möhkəmlənməsinə və genişlənməsinə xidmət edən onlarla sənəd baxılmaq üzrədir.
Milli Məclis də Argentina parlamenti ilə mövcud münasibətləri dərinləşdirmək niyyətindədir. Hesab edirik ki, bu, xalqlarımız və ölkələrimiz arasında sıx əlaqələrin yaradılması baxımından olduqca vacibdir. Argentina Milli Konqresinin hər iki palatasında ölkəmizlə dostluq qruplarının yaradılmasını alqışlayırıq. Milli Məclisdə də belə bir qrup fəaliyyət göstərir. Bu qrupların parlamentlərarası əlaqələrimizin daha da intensivləşməsinə mühüm töhfə verəcəyinə inanırıq. Görüşdə bildirilmişdir ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlığın genişlənməsi mühüm əhəmiyyət kəsb edir. Bu sahədə son illər yüksəliş müşahidə olunmaqdadır. Mövcud imkanlardan maksimum istifadə olunması ticarət dövriyyəsinin artımına öz müsbət təsirini göstərə bilər.
Argentina Milli Konqresinin Argentina-Azərbaycan dostluq qrupunun rəhbəri Roberto Mario Moilleron ölkəmizə səfərindən məmnun qaldığını söyləmişdir. O, Bakıda keçirilən II Beynəlxalq Humanitar Forumda və səfər çərçivəsində keçirdikləri görüşləri yüksək dəyərləndirmişdir. Qonaq bildirmişdir ki, Argentina Cənubi Qafqazın bu bölgəsi ilə əlaqələrin inkişafına böyük önəm verir.
Parlamentlər səviyyəsində münasibətlərimizin daha da dərinləşməsinin əhəmiyyətindən danışan qonaq hər iki ölkənin regionları arasında da əlaqələrin qurulmasının vacibliyini qeyd etmişdir.
Roberto Mario Moilleron ümidvar olduğunu bildirmişdir ki, Bakıda Argentina səfirliyi fəaliyyətə başladıqdan sonra əlaqələrimiz daha intensiv xarakter alacaqdır.
Görüşdə parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, regional münaqişələrin həlli yolları, iqtisadiyyatın qeyri-neft sektorunda əməkdaşlığın dərinləşməsi və sair məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.