REGİONLAR
Aşağı seçki komissiyaları üçün keçirilən treninqlər başa çatıb
Şamaxı, 30 noyabr, AZƏRTAC
Dekabrın 23-nə təyin edilən bələdiyyə seçkilərinə hazırlıq çərçivəsində 85 saylı Şamaxı Seçki Dairəsində aşağı seçki komissiyalarının üzvləri üçün keçirilən maarifləndirici treninqlər başa çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, noyabrın 25-dən başlanan treninqlərə dairənin tərkibində olan 63 seçki məntəqəsinin sədr, katib və komissiya üzvləri olmaqla, ümumilikdə 378 nəfər cəlb edilib. Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təşkil etdiyi təlim kursunda iştirak edən Şaiq Nuriyev və Eldar Məmmədov aparıblar. Təlim prosesində iştirakçılara MSK tərəfindən tərtib edilən xüsusi proqram və slaydların köməyi ilə məntəqə seçki komissiyası üzvlərinin rol və vəzifələri, seçki günü səsvermənin təşkili, səslərin hesablanması, səsvermənin nəticələrinin müəyyənləşdirilməsi, yekun protokolların doldurulması və digər məsələlər barədə məlumatlar verilib.
Dairə üzrə 29 bələdiyyəyə 259 nəfər bələdiyyə üzvü seçiləcək. Qeydə alınan namizədlərin sayı 710 nəfərdir.