SİYASƏT
“ASAN Səyyar xidmət” Sabirabadda
Bakı, 20 iyun (AZƏRTAC). “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməyə başlamışdır.
“ASAN Səyyar xidmət” iki istiqamət üzrə göstərilməkdədir. Şimal istiqamətində avtobuslar Quba, Şamaxı, İsmayıllı, Balakən və digər rayonlara, cənub istiqamətində isə Şirvan, Sabirabad, Salyan, Hacıqabul, Lənkəran, Masallı, Neftçala və digərlərinə səfər edəcəkdir.
Artıq Quba şəhərində Quba, Qusar və Xaçmaz, Şirvan şəhərində isə Şirvan şəhərinin və Hacıqabul rayonunun sakinləri “ASAN Səyyar xidmət” ilə təmin olunmuşlar.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirmişlər ki, iyunun 19-dan başlayaraq Sabirabad və Saatlı rayonlarının ümumi sayı 250000-dən çox olan sakinləri də “ASAN Səyyar xidmət”dən Sabirabad rayonunda yararlanmaq imkanı qazanmışlar. Bu proses iyulun 3-dək davam edəcəkdir.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunacaqdır.
Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi daxildir.