REGİONLAR
“ASAN xidmət” Ağsuda bir ayda 3622 vətəndaşa xidmət edib
Ağsu, 4 noyabr, AZƏRTAC
Oktyabrın 4-dən Ağsuda fəaliyyətə başlayan səyyar “ASAN xidmət” 30 gün ərzində rayon sakinlərinə xidmət göstərib.
Qəbələ Regional “ASAN xidmət” Mərkəzinin səyyar xidmətin təşkili sektorunun müdiri Azad Qəribov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bir ay ərzində Ağsu və ətraf rayonlardan olan 3622 vətəndaşın müraciətinə əsasən lazımi xidmətlər göstərilib.
Sakinlərə səyyar xidmətlər Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən göstərilib. Bu xidmətlər notariat fəaliyyəti, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınan hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsinə aid olub.
Səyyar “ASAN xidmət”ə müraciət edən vətəndaşlar funksional yardım xidmətlərindən də yararlanıblar. Bu xidmətlərə, həm də qan qrupu barədə tibbi arayışların verilməsi daxildir.