MƏDƏNİYYƏT
Aşıqlar Birliyinin yeni ildə yeni nəşri - “Aşıq divaniləri və müxəmməsləri”
Bakı, 31 yanvar, AZƏRTAC
Bu günlərdə Azərbaycan Aşıqlar Birliyində 2022-ci ilin ilk nəşri işıq üzü görüb. “Aşıq divaniləri və müxəmməsləri” adlı kitabı Azərbaycan Aşıqlar Birliyinin (AAB) sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı, filologiya elmləri doktoru, professor Mahmud Allahmanlı və filologiya üzrə fəlsəfə doktoru Altay Məmmədli hazırlayıblar.
AAB-dan AZƏRTAC-a bildirilib ki, “Aşıq divaniləri və müxəmməsləri” antologiyası XVI-XXI əsrlərə məxsus aşıqların yaratdıqları divani və müxəmməs şeir çeşidlərinin ən seçkin örnəklərini çevrələyir. Aşıq məclisinin açılışını, ilkin xeyir-duasını ortaya qoyan divanilərin, eləcə də qapanışını xoş bir ovqatla tamamlayan müxəmməslərin tarixi-xronoloji ardıcıllığı toplu boyu diqqət önündə saxlanılır. Bu kitabda müxtəlif yüzilliklərdə yaşayıb yaratmış ustad sənətkarların sözü gedən tarixi məzmunu əks etdirən çoxsaylı divani və müxəmməslərdən örnəklər toplanıb.
Çeşidli məzmun və forma özünəməxsusluqları ilə səciyyələnən antologiya yüzdən çox sənətkarın divani və müxəmməslərini əhatə edir. Ustad məclislərində, el yığnaqlarında dillər əzbərinə çevrilən bu nümunələr yüz illər boyu ulularımızın könül həmdəmi kimi onlara sənət yoldaşlığı etmişdir. Saz-söz ustadlarının bağrının başından qopan rəngarəng divani və müxəmməslər bu dərin poetik irsi gələcək nəsillərə çatdırmaq məqsədilə antoloji toplu halında aşıqlara və geniş ictimaiyyətə təqdim olunur.