İQTİSADİYYAT
Asiya İnkişaf Bankı Azərbaycana 950 milyon dollar məbləğində vəsait ayıracaqdır
Bakı, 6 avqust (AZƏRTAC). Asiya İnkişaf Bankı Azərbaycana müxtəlif layihələrin maliyyələşdirilməsi məqsədi ilə yeni kredit tranşı ayırmağa hazırlaşır. Tranş təxminən 950 milyon ABŞ dolları məbləğindədir.
Bankın Bakı ofisindən verilən məlumata görə, biznes-plana əsasən, ehtiyat kreditlər də daxil olmaqla, ölkəmizə 2011-ci ildə 340 milyon dollar məbləğində vəsait ayrılacaqdır. Ümumilikdə isə 2012-ci ildə 355, 2013-cü ildə 250 milyon dollar məbləğində kreditin ayrılması planlaşdırılır. Biznes-planın icrası üçün bank 2 milyon dollar dəyərində texniki yardım (qrant) vəsaiti də ayıracaqdır. Asiya İnkişaf Bankı nəqliyyat, enerji, su təminatı, kanalizasiya, şəhərdaxili xidmət sektorlarını dəstəkləməkdə davam edəcəkdir. Nəqliyyat sektorunda Masallı-Astara yolunun maliyyələşdirilməsi üçün yeni kreditlər ayrılacaqdır.
Bank, həmçinin Bakı ilə Gürcüstan sərhədi arasındakı əsas magistral yollarının yenidən qurulması layihələrinin maliyyələşdirilməsini də nəzərdən keçirir. Bu magistral yollar Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) Proqramının əsas dəhlizi hesab edilir. Bank 2012-ci ildə Azərbaycan üzrə yeni tərəfdaşlıq strategiyasının hazırlanmasını da planlaşdırır.