İQTİSADİYYAT
ASK-da “Kustarlar və rokfellerlər” kitabının təqdimatı keçirilmişdir
Bakı, 16 iyun (AZƏRTAC). Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında (ASK) psixologiya elmləri namizədi, “Kvanta+” şirkətinin baş direktoru, “Rusiyanın dayağı” ümumrusiya kiçik və orta sahibkarlıq ictimai təşkilatının Tümen regional şöbəsinin sədri, Rusiya Federasiyası Prezidentinin Ural Federal dairəsindəki səlahiyyətli nümayəndəsi yanında Kiçik və Orta Sahibkarlığın İnkişafına Kömək Şurasının üzvü Eduard Ömərovun “Kustarlar və rokfellerlər” kitabının təqdimatı keçirilmişdir.
ASK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, Eduard Ömərov konfederasiyanın prezidenti Məmməd Musayev ilə görüşərək, “Kustarlar və rokfellerlər” kitabını ona təqdim etmişdir. M. Musayev bildirmişdir ki, bu kitab gələcəkdə sahibkarların stolüstü kitabına çevriləcəkdir.
ASK-nın baş məsləhətçisi Məhəmmədəli Əfəndiyev təqdimat mərasimini açaraq vurğulamışdır ki, “Kustarlar və rokfellerlər” kitabı oxucunun öz qüvvəsinə inanmasına, öz potensialını aşkara çıxarıb ondan istifadə etməsinə kömək göstərəcəkdir. Bu kitabının əsas mahiyyəti həyatda uğur qazanmaq, məqsədlərə nail olmaq və öz potensialından istifadə etməkdir.
E.Ömərov təqdimat mərasiminin iştirakçılarına təşəkkür edərək bildirmişdir ki, kitab nəinki ölkəmizdə, o cümlədən Sankt-Peterburqda, Tümendə oxuculara təqdim olunmuş və onların rəğbətini qazanmışdır.
Sonra “Kustarlar və rokfellerlər” kitabı ətrafında müzakirələr aparılmışdır.