SİYASƏT
AŞPA-nın qış sessiyasında ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun qeyri-obyektivliyi məsələsi qaldırılmışdır
Strasburq, 29 yanvar (AZƏRTAC). Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasının üçüncü iş günündə Avropa Parlamentinin sədri Martin Şultsun məruzəsi və deputatların qaldırdığı problemlərlə bağlı mülahizələri diqqətlə dinlənilmişdir.
Avropa Parlamentinin sədrinə sual verənlərdən biri də Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov olmuşdur. Azərbaycanlı deputat ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun fəaliyyətində qeyri-obyektiv yanaşmaların tez-tez yer alması məsələsinə toxunaraq M.Şultsa belə bir sual unvanlamışdır: “Cənab sədr! ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun fəaliyyətinin xeyli dərəcədə Avropa ölkələrinin parlamentləri ilə bağlı olmasını nəzərə alaraq sizə bu sualı verirəm. Bir sıra müşahidəçilər qeyd edirlər ki, həmin qurum demokratik dəyərlərin bərqərar olmasından daha çox dövlətlərə qarşı bir təzyiq mexanizmi kimi istifadə edilir. Mətbuat səhifələrində belə ehtimal da vaxtaşırı yer alır ki, bu təşkilat Mərkəzi Kəşfiyyat İdarəsinin sifarişlərini yerinə yetirir. Dünyanın ən mötəbər qurumlarından biri kimi Avropa Parlamentinin bu məsələyə aydınlıq gətirilməsi üçün xüsusi parlament təhqiqatı aparmasının mümkünlüyünə münasibətinizi bildirmənizi rica edərdim”.
Avropa Parlamentinin sədri bu sualı cavablandırmaqda çətinlik çəkmiş və faktiki olaraq birbaşa qoyulmuş sualın qarşısında konkret
söz söyləyə bilməmişdir. O, ümumi sözlərlə bütövlükdə ATƏT-in fəaliyyətinə hörmətlə yanaşdığını ifadə etsə də, tənqid hədəfinə çevrilən Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun iş üsulları, həmin qurumun müəyyən qüvvələrin əlində təzyiq aləti olması haqda susmağı üstün saymışdır.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Strasburq