DÜNYA
AŞQABADDA TÜRKMƏNBAŞININ “QIZIL” ABİDƏSİNİN SÖKÜLMƏSİNƏ BAŞLANMIŞDIR
Bakı,17 iyun (AZƏRTAC). İyunun 17-də Türkmənistanın kütləvi informasiya vasitələri (KİV) xəbər yaymışlar ki, ölkənin ilk prezıdenti Saparmurad Niyazovun qızıl suyuna salınmış abidəsinin olduğu Neytallıq Tağının sökülməsinə başlanmışdır.
Neytrallıq Tağı Aşqabadın mərkəzində prezident sarayı yaxınlığındadır, 75 metr hündürlükdə üçayaq formasındadır, türkmən ocağını simvollaşdırır. Kompozisiyanın mərkəzində Günəşin hərəkəti istiqamətində fırlanan Saparmurad Niyazovun (Türkmənbaşı) qızıl suyuna salınmış abidəsi ucalır. Tağ Türkiyənin “Polimeks” firması tərəfindən hazırlanmışdır və 1998-ci il dekabrın 12-də kompleksin təntənəli açılışı olmuşdur.
Türkmənistanın neytrallığı abidəsi Aşqabadın cənubunda Kopetdağın ətəyində Bitarap Türkmənistan (Neytral Türkmənistan) prospektində Neytral abidə şəklində ucaldılacaqdır. Prezident Qurbanqulu Berdiməhəmmədov bununla bağlı 2010-cu ilin yanvar ayında müvafiq sərəncam imzalamışdır. Həmin sənədə görə, yeni abidənin hündürlüyü 95 metr, yəni indiki Tağdan 20 metr uca olacaqdır. Yerli KİV-lər yeni abidənin təsvirini açıqlamamışlar və buna görə də həmin qurğuda Türkmənbaşının abidəsinin olub-olmayacağı məlum deyildir.
Abidənin sökülməsi və yeni ərazidə quraşdırılması yenə “Polimeks” şirkətinə tapşırılmışdır. İnşaat işləri 2011-ci ilin oktyabrında Türkmənistanın müstəqilliyinin 20 illiyinədək başa çatdırılmalıdır.