ELM VƏ TƏHSİL
Aşqarlar Kimyası İnstitutu Türkiyənin Orta Doğu Texnik Universiteti ilə əməkdaşlıq edəcək
![Aşqarlar Kimyası İnstitutu Türkiyənin Orta Doğu Texnik Universiteti ilə əməkdaşlıq edəcək](/files/2015/3/1200x630/1448030411453914681_1200x630.jpg)
Bakı, 20 noyabr, AZƏRTAC
Türkiyənin Orta Doğu Texnik Universiteti (ODTU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutu (AKİ) arasında əməkdaşlığa dair memorandum imzalanıb.
AMEA-dan AZƏRTAC-a bildiriblər ki, sənədi ODTU-nun kimya fakültəsinin dekanı, professor Cihangir Tanyeli və AKİ-nin direktoru, akademik Vaqif Fərzəliyev imzalayıblar.
Memorandumun imzalanmasının məqsədi hər iki qurum arasında təcrübə mübadiləsi, elmi konfransların təşkili, qarşılıqlı razılıq əsasında digər akademik mübadilələr və birgə elmi-tədqiqat işlərinin aparılması olub.
Akademik V.Fərzəliyevin sözlərinə görə, hər iki tərəf əməkdaşlığın bir neçə əsas istiqamətini müəyyənləşdirib. Memorandumda elmi, elmi-texniki materialların və digər informasiyaların öyrənilməsi, tətbiq edilməsi məqsədilə məlumatların ötürülməsi və mübadilələrin aparılması nəzərdə tutulur. Eyni zamanda, kimyanın müxtəlif sahələri üzrə gənc tədqiqatçıların ODTU-nun kimya fakültəsi və AKİ-nin laboratoriyalarında təcrübə keçmələri təmin ediləcək.