SİYASƏT
ASTANA 2010-CU İLDƏ ATƏT-İN SAMMİTİNİN KEÇİRİLMƏSİ TƏŞƏBBÜSÜNÜ DƏSTƏKLƏMƏYƏ ÇAĞIRMIŞDIR
Bakı, 15 yanvar (AZƏRTAC). Astana ATƏT-in üzvü olan ölkələri 2010-cu ildə yüksək səviyyədə görüş keçirilməsi barədə Qazaxıstanın təşəbbüsünü dəstəkləməyə çağırmışdır.
Bu fikri Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Vyanada keçirilmiş ATƏT-in Daimi Şurasının inauqurasiya iclasında videomüraciətində söyləmişdir.
Nursultan Nazarbayev hesab edir ki, “ATƏT sammitinin 10 illik fasiləsi onu göstərir ki, təşkilatın konsensus əsası böhran olmasa da, son dərəcə durğunluq vəziyyətindədir”.
Nursultan Nazarbayev qeyd etmişdir ki, ATƏT ölkələri liderlərinin görüşü Helsinki Yekun Aktının 35, Paris Xartiyasının 20 və İkinci Dünya müharibəsinin başa çatmasının 65 illiyinin qeyd olunması mümkünlüyünüı təmin edəcəkdir.
Qazaxıstan Prezidentinin fikrincə, ATƏT-in məsuliyyət zonasında təhlükəsizliyin aktual problemləri, Əfqanıstandakı vəziyyət və tolerantlıq məsələləri sammiti məzmunca dolğunlaşdıracaqdır.
Nursultan Nazarbayev demişdir: “Məhz bu gün elə bir vaxt gəlib çatmışdır ki, ATƏT-in üzvü olan ölkələrin liderləri siyasi iradə nümayiş etdirməli, öz ölkələrinin xalqlarının sadə olmayan çağırışlarına cavab verməlidirlər”.
Qazaxıstan Prezidenti hesab edir ki, sammit müasir çağırışlara və təhlükələrə ATƏT-in uyğunlamasına təkan verməklə yanaşı, xalqlarımızın bu təşkilata inamını və ehtiramını artıracaqdır. Prezident demişdir: “Nəhayət bu, dövlət və hökumət başçılarının əməkdaşlığın möhkəmləndirilməsi, onları seçmiş xalqların rifahı və ölkələrinin çiçəklənməsi naminə təhlükəsizliyin qorunmasına dair bilavasitə vəzifələridir”.
Qazaxıstanın dövlət başçısı hesab edir ki, ATƏT bu gün heç nə ilə əvəz olunmayan təşkilatdır. Onun durğunluğu və yaxud ləğv edilməsi Avratlantik məkanda partlayış təhlükəli boşluq yaradacaqdır.
Nursultan Nazarbayev avqustun 1-nin Helsinki Yekun Aktının imzalanması Günü, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Günü elan edilməsi barədə təklifi nəzərdən keçirməyə çağırmışdır.
Qazaxıstan Prezidenti əmindir ki, onun ölkəsi ATƏT-in fəaliyyətdə olan sədri kimi, bu mötəbər Avropa Təşkilatının əsas prinsiplərinə və dəyərlərinə ciddi əməl edəcəkdir.