SİYASƏT
Astara gənclərinin VII toplantısında rayonda dövlət gənclər siyasətinin icrası istiqamətində görülmüş işlərdən bəhs olunmuşdur
Astara, 26 may (AZƏRTAC). Astara şəhərindəki Gənclər Evində rayon gənclərinin VII toplantısı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyevin hesabat məruzəsi dinlənilmişdir. Məruzəçi gənclərin VI toplantısından ötən dövr ərzində rayonda dövlət gənclər siyasətinin icrası istiqamətində görülmüş işlərdən, həyata keçirilən tədbirlərdən ətraflı bəhs olunmuşdur.
Qeyd olunmuşdur ki, ölkəmizdə dövlətçiliyin, müstəqilliyin daha da möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı intellektual səviyyəli gənclərin yetişdirilməsindən, onların aparıcı qüvvəyə çevrilməsindən asılıdır. Bu qüvvənin fiziki-mənəvi sağlamlığı xüsusi qayğı tələb edir və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məsələ yüksək səviyyədə həllini tapmaqdadır.
Məlumat verilmişdir ki, Astara rayonunda 14-29 yaşlı gənclərin sayı 32 min 411 nəfərdir. Onlardan 29 min 405 nəfəri əmək qabiliyyətlidir. Rayonda gənc sahibkarların sayı 855 nəfərə çatır.
Qarabağın müdafiəsi uğrunda gedən döyüşlərdə 84 astaralı gənc şəhid olmuş, 1 nəfər Milli Qəhrəman adına, 1 nəfər isə Azərbaycan Bayrağı ordeninə layiq görülmüşdür.
Diqqətə çatdırılmışdır ki, gənclərin VI toplantısından ötən dövr ərzində rayonda gənclər və idman işi üzrə 59 min 879 nəfəri əhatə edən 513 tədbir həyata keçirilmişdir. İdmanın müxtəlif növləri üzrə keçirilmiş 124 yarışda 16 min 235 idmançı iştirak etmişdir. Onlar respublika və beynəlxalq yarışlarda 285 qızıl, 205 gümüş, 130 bürünc medal qazanmışlar. İdmançılardan Cəbrayıl Həsənov, Sona Əhmədli, Qoşqar Əliyev, Ağadədə Əliyev, Loğman Ağayev, Arif Qeybiyev, Əli Şahverdiyev ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil etmişlər.
Toplantıda Azərbaycan gənclərinin VII Forumuna nümayəndələr seçilmişdir.
Tədbirin sonunda rayon gəncləri adından Prezident İlham Əliyevə müraciət qəbul edilmişdir.