REGİONLAR
Astara polisi məktəbliləri maarifləndirib
Astara, 20 fevral, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmin təhlükələri” mövzularında növbəti maarifləndirmə tədbirləri rayonun Şahağacı, Şiyəkəran 1 və 2 nömrəli, Kakalos kənd tam orta məktəblərində keçirilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tədbirdə çıxış edən Astara Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Azər Cahangirov bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin bu gün xüsusilə aktual xarakter daşıdığını, narkomaniya əleyhinə aparılan tədbirlərin hər zaman ölkə rəhbərliyinin diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlər həyata keçirildiyini bildirib.
Şöbə rəisi çıxışında qeyd edib ki, bu gün Daxili İşlər Nazirliyinin və eləcə də yerli polis orqanlarının əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı barışmaz, qətiyyətli mübarizə aparılır. Bildirilib ki, yeniyetmələrin və gənclərin bu bəlaya düşməməsi, narkotikdən və digər zərərli vərdişlərdən uzaq durması üçün vaxtaşırı təhsil müəssisələrində və digər kollektivlər qarşısında maarifləndirmə tədbirləri həyata keçirilir. Bu cür tədbirlər artıq öz təsirini göstərməkdədir və bundan sonra da mütəmadi olaraq davam etdiriləcəkdir.
Tədbirdə, həmçinin erkən nikahın zərərlərindən də danışılıb. Erkən nikahların yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının pozulmasına, vaxtsız qurulan ailələrin dağılmasına və cəmiyyətdə sosial problemlərin artmasına səbəb olduğu diqqətə çatdırılıb.
Müzakirə edilən məsələlərlə bağlı çıxış edən Astara Rayon İcra Hakimiyyəti başçısının müavini Firəngiz Sadıxova, Rayon Polis Şöbəsinin baş inspektoru, polis baş leytenantı Ceyhun Abdulov, Mərkəzi Xəstəxananın baş direktor müavini Oqtay Əmənullayev və başqaları təhsil müəssisələrində belə görüşlərin keçirilməsini yüksək qiymətləndirib, şagirdləri verilən dəyərli tövsiyələrə əməl etməyə çağırıblar.