SİYASƏT
ASTARA RAYONUNDA SEÇKİQABAĞI TƏŞVİQATIN APARILMASI ÜÇÜN AÇIQ VƏ QAPALI YERLƏR MÜƏYYƏNLƏŞDİRİLMİŞDİR
Astara, 17 noyabr (AZƏRTAC). Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında seçki praktikasının təkmilləşdirilməsinə dair” 2005-ci il 11 may tarixli Sərəncamına müvafiq olaraq, dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Astara Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə rayonun ərazisindəki 77 saylı Astara və 76 saylı Lənkəran-Astara seçki dairələri üzrə seçkiqabağı təbliğat və təşviqat işi aparmaq məqsədi ilə açıq və qapalı yerlər müəyyənləşdirilmişdir.
Astara şəhərinin, qəsəbə və kəndlərin ərazisində seçkiqabağı tədbirlərin keçirilməsi, seçicilərlə görüş üçün 18 qapalı və bir qədər də açıq yerlər ayrılmışdır. Əhalinin daha çöx toplaşdığı yerlərdə, seçki məntəqələrinin ərazisində isə seçkiqabağı təşviqat materiallarının yerləşdirilməsi üçün lövhələr qoyulmuşdur.
İcra hakimiyyəti başçısının sərəncamının mətni rayonda çıxan “Astara” qəzetində dərc edilmişdir.