REGİONLAR
Astarada gənc qızlar arasında voleybol turnirinə start verilib
Astara, 7 dekabr, Bağır Əliyev, AZƏRTAC
Astara rayonunda qızlar arasında voleybol turnirinə start verilib. Yarış Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Astara Rayon İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi, Təhsil Şöbəsi, Uşaq-Gənclər İdman Məktəbi və “Şəfəq” Ekoturizm İctimai Birliyinin təşkilatçılığı ilə “Gənc qızların voleybol turniri” layihəsi çərçivəsində keçirilir.
AZƏRTAC xəbər verir ki, layihənin məqsədi gənc qızlar arasında idmanın voleybol növünə marağı artırmaq, bu sahədə bacarıqlı qızların üzə çıxmasına kömək göstərməkdir.
Layihə çərçivəsində Astara rayonunun Tüləgüvan, Artupa, Səncərədi, Vaqo və Maşxan kənd, şəhər 2, 3 və 6 nömrəli tam orta məktəblərini təmsil edən gənc qızlardan ibarət 8 komanda müəyyən edilib.
Artupa kənd tam orta məktəbində komandalar arasında turnirin ilk oyunları keçirilib. Tüləgüvan və Artupa kənd, şəhər 2 və 6 nömrəli tam orta məktəblərin komandaları yarımfinala vəsiqə qazanıblar.
Turnirin yarımfinal mərhələsi dekabrın 9-da, final oyunu isə dekabrın 12-də keçiriləcək.