MƏDƏNİYYƏT
Astarada “Heydər Əliyev və Azərbaycan kitabxanası” mövzusunda xatirə gecəsi keçirilmişdir
Astara, 11 dekabr (AZƏRTAC). Dekabrın 11-də Astara Rayon Mərkəzi Kitabxanasında Ümummilli Liderin vəfatının 10-cu ildönümü ilə əlaqədar “Heydər Əliyev və Azərbaycan kitabxanası” mövzusunda xatirə gecəsi keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Astara şəhərindəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Rayonun klub, mədəniyyət evi və kitabxana işçilərinin iştirak etdikləri toplantıda mədəniyyət və turizm şöbəsinin müdiri Şadoğlan Bayramov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında əvəzolunmaz xidmətlərindən danışmışdır.
Astara Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin direktoru Nazim Fərəməzov mövzu ilə bağlı məruzə etmişdir.
Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin müvafiq Sərəncamı ilə qüvvəyə minmiş “Kitabxana işi haqqında” Azərbaycan Respublikasının Qanununda kitabxanaçıların hüquq və vəzifələri aydın əksini tapmışdır.
Bildirilmişdir ki, Ulu Öndərin M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında keçirilən tədbirlərdə iştirakı, məzmunlu çıxışları, xalqın mənəvi xəzinəsi olan kitabxanalar və kitabxana işçiləri haqqında müsbət fikirləri, ölkəmizdə kitabxana işinin yaxşIlaşdırılması məqsədilə qabaqcıl ideyalar irəli sürməsi bu nəcib peşə sahiblərinə göstərilən diqqət və qayğının parlaq təzahürüdür.
Diqqətə çatdırılmışdır ki, ümummilli lider Heydər Əliyev “Vətənə, dövlətə, xalqa sədaqət andı” miniatür kitabının təqdimat mərasimindəki çıxışında kitabxananı “xalq, millət və cəmiyyət üçün müqəddəs yer” adlandırmış, “kitabxanaya daim hörmət xalqımızın mədəniyyətini nümayiş etdirən amillərdən biridir” deyərək hamını kitabxanalara və burada çalışanlara hörmətlə yanaşmağa çağırmışdır.
Ədəbi-bədii gecədə çıxış edənlər Ümummilli Liderin zəngin və şərəfli ömür yolundan, mədəniyyət və incəsənət işçilərinə, o cümlədən kitabxanaçılara göstərdiyi diqqət və qayğıdan söhbət açaraq dahi rəhbərin siyasi xəttinin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulamışlar.
Tədbirin sonunda məktəblilər Ulu Öndərə həsr olunmuş şeirlərdən nümunələr söyləmişlər.