İQTİSADİYYAT
Astarada sahibkarlarla görüş keçirilmişdir
Astara, 26 yanvar (AZƏRTAC). Yanvarın 26-da Astara Rayon İcra Hakimiyyətində yerli sahibkarlarla görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edənlər ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən danışmışlar. Respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda da iş adamlarının səmərəli fəaliyyət göstərmələri üçün lazımı şəraitin yaradıldığı diqqətə çatdırılmış göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıq ifadə olunmuşdur.
Görüşdə kəndli-fermer təsərrüfatlarının rəhbərləri Hacıbala Fərziyev, Ədhəm Quliyev, Rafiq Əsədullayev, Tarif Hüseynov, Xaləddin Hüseynov, Rafiq Cəfərov və başqaları rayonda sahibkarlığın inkişafına müsbət təsir göstərən amillərdən söhbət açmışlar. Onlar rayonda fəaliyyət göstərən “Aqroservis” filialına yerli şəraitə uyğun kənd təsərrüfatı texnikasının gətirilməsi, istehsal olunan məhsullar üçün dövlət tərəfindən tədarük məntəqələrinin təşkili, kollektiv təsərrüfat formaları yaratmaqla istifadəsiz torpaqların becərilməsi, təsərrüfatlara aqrolizinq yolu ilə mineral gübrələrin verilməsi, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan güzəştli kreditlərin alınmasına kömək göstərilməsi ilə bağlı təkliflərini bildirmişlər.
Tədbirin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırılmışdır.