İDMAN
Astarada şahmat üzrə zona yarışı keçirilir
Astara, 22 avqust (AZƏRTAC). Astara Şahmat Məktəbində kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan birinciliyinin zona yarışı keçirilir.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən zona yarışında ölkəmizin 18 şəhər və rayonunu təmsil edən 12 qadın, 40 kişi olmaqla cəmi 52 şahmatçı qalib adı uğrunda mübarizə aparır.
İdmançıların ən kiçik nümayəndəsinin 10, ən yaşlısının isə 65 yaşı vardır.
Qadın şahmatçılar dairəvi, kişilər isə İsveçrə sistemi üzrə yarışırlar.
Yarışın açılış mərasimində Gənclər və İdman Nazirliyinin məsul işçisi Lütfiyar Rüstəmov, Azərbaycan Şahmat Federasiyasının texniki direktoru Yaşar Məmmədov, Astara Şahmat Məktəbinin direktoru Azər İbrahimov, rayon gənclər və idman idarəsinin baş məsləhətçisi Fikrət Qafarov şahmatçılara uğurlar arzulamışlar.
On gün davam edəcək zona yarışında kişilər arasında 1-5-ci, qadınlar arasında 1-ci və 2-ci yerlərə sahib olan şahmatçılar ölkə birinciliyinin final mərhələsinə vəsiqə qazanacaqlar.