REGİONLAR
Astaranın yeniyetmə güləşçisi beynəlxalq yarışda qızıl medal qazanıb
Astara, 24 dekabr, Bağır Əliyev, AZƏRTAC
Bakı şəhərində 2005-2006-cı il təvəllüdlü yeniyetmələr arasında keçirilən sərbəst güləş üzrə “Zirvə” Beynəlxalq İdman Klublararası açıq birinciliyində Azərbaycan yığma komandasının tərkibində çıxış edən astaralı idmançı Musa Ağayev 52 kiloqram çəki dərəcəsində qızıl medal qazanıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yarışda Azərbaycan, Türkiyə, İran, Rusiya və Gürcüstanı təmsil edən 400-dən çox idmançı qələbə uğrunda mübarizə aparıb.
Qeyd edək ki, Musa Ağayev Astara Rayon Uşaq Gənclər İdman Şahmat Məktəbinin yetirməsidir. Onu yarışa Əməkdar məşqçi Məhərrəm Ağayev hazırlayıb.
Astara Rayon Gənclər və İdman İdarəsində beynəlxalq yarışda uğur qazanmış yeniyetmə güləşçi və onun məşqçisi ilə görüş keçirilib.
İdarənin rəisi Ərçə Əliyev Musa Ağayevi və onun məşqçisini qazanılan qələbə münasibətilə təbrik edərək onlara yeni-yeni uğurlar arzulayıb.