DÜNYA
ATƏT-in baş katibinin Daşkənddə Özbəkistanın xarici işlər naziri ilə görüşündə əlaqələrin inkişafı məsələləri müzakirə olunmuşdur
Daşkənd, 23 yanvar (AZƏRTAC). Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Lamberto Zannier Özbəkistanda səfərdədir.
Lamberto Zannierin Özbəkistanın xarici işlər naziri Əbdüləziz Kamilovla görüşündə Özbəkistan ilə ATƏT arasında əməkdaşlığın indiki vəziyyəti və perspektivləri, regional problemlər, transmilli təhlükələr və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.
Görüşdə Özbəkistanın müəssisələrinə texniki yardım göstərilməsi istiqamətində həyata keçirilən layihələr, bir sıra digər sahələrdə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi və əlaqələndirilməsi məsələləri də diqqət mərkəzində olmuşdur.
ATƏT-in baş katibi Özbəkistan Ali Məclisinin insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səyyarə Rəşidova və Özbəkistanın insan hüquqları üzrə Milli Mərkəzin direktoru Akmal Saidovla da görüşmüşdür.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd