MƏDƏNİYYƏT
ATGTİ-nin nəzdindəki yeni klubun və yapon yazıçısının Azərbaycan dilində nəşr edilmiş “Min durna” əsərinin təqdimatı olmuşdur
Bakı, 23 iyun (AZƏRTAC). Gənclərimizin kitaba maraqlarının artırılması məqsədi ilə Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) nəzdində yeni fəaliyyətə başlamış “Kitab adam yemir” klubu yapon yazıçısı Yasunari Kavabatanın “Min durna” əsərinin ana dilimizə tərcüməsini və nəşrini reallaşdırmışdır.
AZƏRTAC xəbər verir ki, iyunun 23-də ATGTİ-nin qərargahında klubun və “Min durna” kitabının təqdimatı keçirilmişdir.
Tədbirdə çıxış edən ATGTİ-nin sədri Şahin İsmayılov klubun fəaliyyətinə uğurlar arzulamış və yeni tərcümə olunmuş əsərin orijinallığından söhbət açmışdır. Bildirmişdir ki, klub tələbə-gənclər arasında Azərbaycan və dünya ədəbiyyatına məxsus əsərlərin müzakirəsini keçirməyi, xarici ədəbiyyat nümunələrinin gənclər tərəfindən dilimizə tərcümə etməyi məqsəd kimi qarşıya qoymuşdur. İlk olaraq klub dünya ədəbiyyatının incilərindən biri olan yapon yazıçısı Yasunari Kavabatanın “Min durna” kitabının ana dilimizə tərcüməsini və çapını reallaşdırmışdır. Bununla da gənclərimiz öz yaşıdlarını dünya ədəbiyyatının məşhur nümunələrindən biri ilə tanış etmiş, həmçinin Azərbaycan-Yaponiya mədəni əlaqələrinin inkişafına öz töhfəsini vermişlər.
Tədbirdə Yaponiyanın Azərbaycandakı səfirliyinin üçüncü katibi, mədəniyyət attaşesi Yusuke Fukuda çıxış edərək yeni yaranmış klubun işini yüksək qiymətləndirmiş və gənc tərcüməçilərə uğurlar arzulamışdır.
Bildirilmişdir ki, Yasunari Kavabata XX əsr dünya ədəbiyyatının samurayı adlandırılır. Osaka şəhərində zadəgan ailəsində doğulmuş Y.Kavabata 1968-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı almış ilk yapon yazıçısıdır.
Tədbirdə çıxış edənlər rus dilindən tərcümə olunmuş “Min durna” kitabı haqqında fikirlərini bölüşmüşlər.