MƏDƏNİYYƏT
ATİ-nin elmi şurasının növbəti iclasında qış imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdur
Bakı, 12 mart (AZƏRTAC). Azərbaycan Turizm İnstitutu (ATİ) elmi şurasının növbəti iclası keçirilmişdir.
İclasda qış imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş təqdimat - məruzələr, həmçinin qış imtahan sessiyasının nəticələrinə dair apelyasiya komissiyasının hesabatı dinlənilmişdir.
ATİ-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, iclası bu ali təhsil ocağının rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov açaraq, ölkə turizm sənayesi və mövcud kadr potensialı, 2023-cü ilədək keyfiyyət-kəmiyyət üzrə bölgü cədvəlində ixtisaslı kadr əmək bazarı göstəricilərinin ötən illərlə müqayisədə rəqəm dinamikasının proqnozlaşdırılan artım əmsalını detallı şərh etmişdir. O, dövlət əhəmiyyətli vəzifələrin uğurlu həllinə nail olmaq üçün zamanın tələbinə müvafiq ciddi fəaliyyət göstərməyin vacibliyini xüsusi vurğulamışdır.
ATİ-nin tədris işləri üzrə prorektoru Eldar Aslanov, tədris şöbəsinin müdiri Nərminə Abdullayeva və digər müvafiq struktur rəhbərlərinin 2013-2014-cü tədris ili qış imtahan sessiyasının yekunları və qarşıda duran vəzifələrə dair məruzə və çıxışları, o cümlədən apelyasiya komissiyasının hesabatı geniş müzakirəyə səbəb olmuşdur.
İclasın sonunda elmi şura üzvləri tərəfindən irəli sürülən rəy və təkliflərin nəzərə alınması qərara alınmışdır.