REGİONLAR
Atletika idman növü üzrə rayon turniri keçirilib

Ağsu, 10 sentyabr, AZƏRTAC
Gənclər və İdman Nazirliyinin və Azərbaycan İdman Könüllüləri İctimai Birliyinin birgə təsdiq etdiyi əsasnaməyə uyğun olaraq, Ağsuda Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Könüllülər kuboku”nun proqramına daxil olan atletika idman növü üzrə 16-29 yaşlı gənclər arasında rayon turniri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, turnir COVID-19 pandemiyasına qarşı əsas müdafiə tədbirlərinə əməl etmək şərtilə sentyabrın 10-da açıq hava şəraitində, Aslan Nadirov adına Ağsu şəhər 1 nömrəli məktəb-liseydə baş tutub. Rayon Gənclər və idman idarənin rəis müavini - İdman Könüllüləri İctimai Birliyinin Ağsu rayon üzrə nümayəndəsi Rəşad Osmanov turnirin açaraq, yarış iştirakçılarını “Könüllülər kuboku” proqramına daxil olan idman növləri və yarışın qaydaları haqqında ətraflı məlumatlandırıb. Kubokun keçirilməsinin əsas məqsədlərindən danışan natiq vurğulayıb ki, məqsəd könüllü təşkilatlarda fəaliyyət göstərən gəncləri müntəzəm şəkildə bədən tərbiyəsi və idmanla məşğul olmağa cəlb etmək, gənc könüllülər arasında sağlam həyat tərzi və idman vasitəsilə sosial fəaliyyəti artırmaqdır.
Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışda 5 komandadan, ümumilikdə, 20 könüllü iştirak edib. I yeri şəhər 1 nömrəli məktəb-liseyin, II yeri şəhər 5 saylı tam orta məktəbin, III yeri isə şəhər 3 saylı tam orta məktəbin könüllülərdən ibarət komandaları qazanıblar. Qaliblər diplomla mükafatlandırılıblar.