DÜNYA
Avqust ayında Çində təbii fəlakətlər 41,8 milyondan çox insana təsir göstərib
Bakı, 16 sentyabr, AZƏRTAC
Müxtəlif təbii fəlakətlər avqust ayında Çində 41,8 milyondan çox insanın normal həyatını pozub, 94 nəfər isə həlak olub və ya itkin düşüb.
AZƏRTAC xəbər verir ki, ÇXR Fövqəladə Hallar Nazirliyinin yerli mediada yayılan məlumatına görə, ötən ay ölkənin müxtəlif bölgələri əsasən quraqlıq və daşqınlardan zərər çəkib. Tropik siklonlar, meşə yanğınları, zəlzələlər və digər təbii fəlakətlərdən Çinə dəyən birbaşa iqtisadi zərər 42,97 milyard yuan (6,22 milyard dollar) həcmində qiymətləndirilir.
Bildirilir ki, avqust ölkənin bir çox regionlarında 1961-ci ildən bəri ən isti ay olub. Bundan başqa, ötən ay tropik siklonların sayı azalsa da, ölkənin mərkəzi, şərq və cənub-qərb regionlarında baş verən meşə yanğınlarının sayı xeyli artıb.
Ötən il ərzində isə Çində təbii fəlakətlər nəticəsində ümumilikdə 867 nəfər həlak olub və ya itkin düşüb, 100 milyondan çox insan zərər görüb. Həmçinin 2021-ci ildə fəlakət zonalarından 5,73 milyondan çox insan təxliyə edilib, ölkəyə 334 milyard yuandan (48,4 milyard dollar) çox birbaşa iqtisadi ziyan dəyib.