MƏDƏNİYYƏT
“Avrasiya ulduzu” Beynəlxalq mahnı müsabiqəsi başlanmışdır
Bakı, 10 oktyabr (AZƏRTAC). “Avrasiya ulduzu” Beynəlxalq mahnı müsabiqəsi start götürmüşdür.
Türkiyə, Azərbaycan, Şimali Kipr, Türkmənistan, Qırğızıstan və Qazaxıstanı əhatə edən “Avrasiya ulduzu” müsabiqəsinin qaydalarına görə, 6 ölkənin hər birində keçirilən milli seçimlərdən 1 nəfər qalib müəyyənləşdiriləcəkdir. Sonra bu 6 nəfər qalib iştirakçı ölkələri gəzərək hər birinin ictimai yayımçısının canlı efirində yarışacaqdır. Münsiflərin və SMS səsverməsi nəticəsində onlardan 1-i “Avrasiya ulduzu” adına layiq görüləcəkdir.
İctimai Televiziya və Radio Yayımları Şirkətindən (İTV) AZƏRTAC-a bildirmişlər ki, oktyabrın 11-12-də İTV-də Azərbaycandan bu yarışmada iştirak etmək istəyənlər arasında ilk seçim turu keçiriləcəkdir. Seçim turu İctimai Televiziyanın studiyasında olacaqdır.
Artıq oktyabrın 8-də Türkiyə üzrə ilk milli final konserti keçirilmişdir. Üç saata yaxın davam edən möhtəşəm şouda Türkiyəni bu layihədə təmsil edəcək qalib seçilmişdir. Səsvermə nəticəsində 107 SMS nömrəsi altında yarısan Lokman Türkiyədən “Avrasiya ulduzu”na namizəd olmuşdur. Qalibə 5000 dollar pul mükafatı da verilmişdir.
“TRT Avaz” və İTV ilə canlı yayımlanan şouda bir-birindən fərqli performanslar, o cümlədən Türkiyənin məşhur müğənniləri Çelik və Burak Kutun ifaları, onların birgə duetləri yer almışdır.
Türkiyənin milli finalında münsiflər heyətində müğənnilər Çelik, Bura Kut və Yonca Evcimik təmsil olunmuşlar. Daimi münsiflər heyətinin tərkibində olan Burak Kut digər ölkələr, o cümlədən Azərbaycanın da milli seçimindəki münsiflər heyətinin tərkibində olacaqdır.
“Avrasiya ulduzu” layihəsinin təşkilatçıları Azərbaycanda keçiriləcək seçimlərlə əlaqədar oktyabrın 9-da Bakıya gəlmişlər.
Azərbaycanın milli seçimlərini, müsabiqənin final gecəsini, eləcə də digər ölkələrdə təşkil olunacaq şouları İTV-də izləmək mümkündür.
“Avrasiya ulduzu” müsabiqsiənin final konserti oktyabrın 22-də İTV-də canlı yayımlanacaqdır.