İQTİSADİYYAT
Avropa-Azərbaycan Cəmiyyəti Parisdə Azərbaycanla bağlı iqtisadi forum keçirəcəkdir
Paris, 12 fevral (AZƏRTAC). Azərbaycanı Avropada tanıtmaq istiqamətində müxtəlif tədbirlər keçirən Avropa-Azərbaycan Cəmiyyəti martın 14-də Parisdə “Azərbaycan: Qafqazın lokomotivi - potensiallar və investisiya imkanları” mövzusunda iqtisadi forum keçirəcəkdir. Azərbaycanla Fransa arasında iqtisadi əlaqələrin daha da gücləndirilməsi və fransız iş adamlarının ölkəmizə sərmayə yatırmaları məqsədi daşıyan forumda energetika texnologiyaları, su təchizatı və sanitariya, ərzaq, telekommunikasiya və aerokosmonavtika, nəhəng infrastruktur layihələr kimi məsələlər ətrafında müzakirələr aparılacaqdır. Forumda bu mövzular ətrafında “dəyirmi masa”lar keçirmək və fikir mübadilələri aparmaq nəzərdə tutulmuşdur.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris