İDMAN
Avropa çempionatında uğurla çıxış etmiş yeniyetmə yunan-Roma güləşçilərimiz Vətənə qayıtmışlar
Bakı, 25 iyun (AZƏRTAC). Monteneqronun Bar şəhərində keçirilən yeniyetmə güləşçilərin Avropa çempionatı başa çatmışdır.
AZƏRTAC xəbər verir ki, çempionatın son iki günündə mübarizə aparan Azərbaycanın yunan-Roma güləşi yığması Vətənə qayıtmışdır.
Yığma komandanın üzvlərini Heydər Əliyev adına Beynəlxalq hava limanında azarkeşlər, media nümayəndələri və Azərbaycan Güləş Federasiyasının rəsmiləri qarşılamışlar.
Yeniyetmələrdən ibarət yunan-Roma güləşi komandasının böyük məşqçisi Nurəddin Rəcəbov çempionatın çox gərgin keçdiyini bildirmişdir. Vurğulamışdır ki, hər il olduğu kimi bu il də yaxşı hazırlaşmışdıq. Ötən il analoji yarışda komandamız üçüncü olmuşdu. Bu il hədəfimiz nəticəni daha da yaxşılaşdırmaq, çempion olmaq idi. Komanda hesabında çempion ola bilməsək də, çempionatı ikinci sırada tamamladıq. Güləşçilərimiz yaxşı çıxış etdilər, müəyyən çatışmazlıqlar oldu. Dünya çempionatınadək bütün çatışmazlıqları aradan qaldıracağıq.
Qeyd edək ki, Avropa çempionatında yeniyetmə yunan-Roma güləşçilərimiz 2 qızıl, 2 gümüş və 2 bürünc medal qazanaraq 61 xalla Avropa ikincisi olmuş, yalnız Rusiya pəhləvanlarından (69 xal) geri qalmışlar.