CƏMİYYƏT
Avropa hüququ və iqtisadiyyatı üzrə 7-ci intensiv proqramda Azərbaycandan da mütəxəssislər iştirak edirlər
Riqa, 12 noyabr, AZƏRTAC
Latviyanın Xarici İşlər Nazirliyinin parlament katibi Zanda Kalnina-Lukaşeviç Avropa hüququ və iqtisadiyyatı üzrə 7-ci intensiv proqramın açılışını edib.
AZƏRTAC xəbər verir ki, sözügedən proqram Şərq Tərəfdaşlığı, Cənub Qonşuluq və Qərbi Balkan ölkələrindən mütəxəssis hazırlığını ehtiva edir.
Proqramda iştirak edənlərə müraciət edən parlament katibi vurğulayıb ki, iştirakçıların əldə etdikləri bilik və əlaqələr ölkələrindəki peşəkar fəaliyyətlərini stimullaşdırır. İntensiv proqramın payız sessiyasında Azərbaycan da daxil olmaqla 11 ölkədən hökumət, vətəndaş cəmiyyəti təmsilçiləri və tədqiqatçılardan ibarət 25 nümayəndə iştirak edir. Proqram 6 həftə davam edəcək. Bu müddət ərzində iştirakçılar Latviya hakimiyyət orqanlarında təcrübə keçəcək, habelə Brüssel və Lüksemburqa səfər edəcəklər.
İntensiv proqram Riqa Ali Hüquq Məktəbi tərəfindən Latviya Universiteti, Riqa Ali İqtisad Məktəbi, Latviya Xarici Siyasət İnstitutu və Avropa Dövlət İdarəetmə İnstitutu ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Proqram İsveç hökuməti tərəfindən maliyyələşdirilir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Riqa