MƏDƏNİYYƏT
“Avropa irs günləri” müxtəlif mədəniyyətə malik insanları bir araya toplayır
AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində “Avropa irs günləri”nin qeyd olunması münasibətilə oktyabrın 13-də keçirilən mətbuat konfransında səsləndirilib.
Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Avropa Şurasının demokratik idarəçilik direktorluğunun nümayəndələrinin iştirakı ilə keçirilən mətbuat konfransı ötən illərdə Azərbaycanda “Avropa irs günləri”nin qeyd olunmasına dair qısa filmin nümayişi ilə başlanıb.
Sonra milli əlaqələndiricilər - Azərbaycan üzrə Emil Səfərov, “Avropa irs günləri” layihəsinin meneceri Madelena Qrossman, proqram üzrə Şimali İrlandiyadan Maykl Kulter, İrlandiyadan İzabel Smiz, İspaniyadan Ana Şobel, Şotlandiyadan Lesli Makevan “Avropa irs günləri”nin əhəmiyyətindən, təmsil etdikləri ölkələrin müvafiq sahə üzrə təcrübəsindən söz açıblar.
Bildirilib ki, layihənin əsas məqsədi yerli və əcnəbi ziyarətçilərin mədəni irs obyektlərinə sərbəst girişini təmin etmək, tarix və mədəniyyət abidələrinin qorunması məsələlərinə geniş ictimaiyyətin diqqətinin cəlb olunması və milli mədəni irsin təbliğidir.
Qeyd olunub ki, Bakıda keçiriləcək tədbirlər çərçivəsində müvafiq sahələr üzrə əməkdaşlığın qurulmasına dair müzakirələr aparılacaq, Avropada layihənin cari il üçün yekun tədbiri, milli əlaqələndiricilərin illik toplantısı və treninqlər təşkil olunacaq.
Vurğulanıb ki, bu çərçivədə nəzərdə tutulan ən mühüm tədbir bütün ölkələrin milli əlaqələndiricilərin iştirakı ilə keçiriləcək “Avropa irs günlərinin qeyd edilməsi: Bakı-2014” adlı tədbirdir.
Sözügedən tədbirin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin, Avropa Şurasının Bakı ofisinin rəhbəri Draqana Filipoviçin, Avropa İttifaqının Azərbaycan nümayəndəliyinin rəhbəri Malena Mardın, Avropa Komissiyasının “Yaradıcı Avropa proqramının” rəhbəri Monika Urian de Souza və “Avropa irs günləri” layihəsinin meneceri Madelena Qrosmanın çıxışları nəzərdə tutulub.
Mətbuat konfransında “Avropa irs günləri portalı”nın təqdimatı olub.
Qeyd edilib ki, “Avropa irs günləri” Avropa vətəndaşları arasında əməkdaşlıq çərçivəsində kütləvi qeyd olunan mədəni təşəbbüslərdən biridir. 1985-ci ildə Avropa Şurası tərəfindən irəli sürülmüş bu təşəbbüsə 1999-cu ildə Avropa İttifaqı Komissiyası da qoşulub. Hər iki qurum indiyədək bu proqramı birgə davam etdirir. Hər il sözügedən layihə Avropanın 50 ölkəsində keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər üçün minlərlə abidələrə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir. Bu təcrübə ilə Avropa vətəndaşları yalnız mədəni irsin zənginliyindən zövq almır, eyni zamanda indiki və gələcək nəsil üçün onların qorunmasına və vəziyyətinin yaxşılaşdırılması işlərinə fəal şəkildə cəlb olunur. Hər il təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır.