DÜNYA
Avropa İttifaqı Polşaya ayırdığı yardımı dayandırır
Bakı, 9 fevral, AZƏRTAC
Avropa Komissiyası Polşadakı Turov mədəninin istismarına görə ödənilməmiş cərimələrlə əlaqədar bu ölkənin hökumətinə məktub göndərib.
AZƏRTAC xəbər verir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Balaş Ujvari məlumat yayıb.
O bildirib ki, Avropa Komissiyası Turov kömür mədəni ilə bağlı Aİ-nin Ədalət Məhkəməsinin Polşaya tətbiq etdiyi cəriməyə görə ödəniləcək vəsaiti Aİ-nin rəsmi Varşava üçün ayırdığı vəsaitdən tutmağa davam edəcəyini açıqlayıb. Polşa üçün Aİ fondlarından cərimələrin tutulması 2021-ci il sentyabrın 20-dən oktyabrın 19-dək olan dövrə şamil edilir.
Xatırladaq ki, Turov kömür mədəni ilə bağlı danışıqlar 2021-ci ilin iyununda Çexiya tərəfinin mədənin istismarı ilə bağlı Polşaya qarşı Avropa İttifaqının Ədalət Məhkəməsinə şikayətindən sonra başlayıb. Turov mədəni Polşa-Çexiya sərhədi yaxınlığında yerləşir. Bundan əlavə, bu mədəndən əldə edilən kömür Polşa üçün istilik təchizatı mənbəyidir. Çexiya hökuməti iddia edir ki, mədən ətraf mühit, eləcə də sərhədə yaxın bir neçə qəsəbəsinin sakinləri üçün zərərlidir.
Qeyd edək ki, 2021-ci il sentyabrın 20-də Aİ Turov kömür mədənin istismarına görə Polşaya gündəlik 110 min avro cərimə tətbiq edib. İki dövlət arasında mübahisə fevralın 3-dək - müqavilə imzalanadək qədər davam edib. Müqaviləyə əsasən, rəsmi Varşava Çexiya tərəfinə 35 milyon avro ödəməyə razılaşıb.