DÜNYA
Avropa İttifaqı reytinq agentlikləri üçün qaydaları sərtləşdirir
Vyana, 28 noyabr (AZƏRTAC). Avropa İttifaqı gələcəkdə beynəlxalq reytinq agentliklərini ciddi nəzarətə götürəcəkdir. Avropa Parlamenti, Avropa Komissiyası və Aİ-yə üzv dövlətlər arasında razılaşdırılmış yeni qaydalara əsasən, 2013-cü ilin əvvəlindən başlayaraq reytinq agentlikləri müxtəlif ölkələr, maliyyə institutları və müəssisələrlə bağlı verdikləri qiymətləndirməyə görə cavabdehlik daşıyacaqlar.
Yeni qaydaların əsas məqsədi qiymətləndirici funksiya daşıyan agentlikləri öz hesabatlarını hazırlayarkən məsuliyyətli araşdırmalar, dünya bazarlarında gedən proseslər və ayrı-ayrı ölkə və şirkətlərin iqtisadi potensialını nəzərə almağa sövq etmək və qeyri-səhih hesabatlara görə agentlikləri məsuliyyətə cəlb etməkdir. Belə ki, gələn ildən etibarən müxtəlif Avropa ölkələri və şirkətləri beynəlxalq reytinq agentliklərinin verdiyi yanlış kredit qabiliyyəti haqqında məlumatlar, bazar manipulyasiyası və reytinqdə apardıqları əsaslandırılmamış dəyişikliklərə görə onları məhkəməyə verə biləcəklər.
Hazırda yuxarıda adıçəkilən Avropa qurumları qüvvədə olan qaydaların təkmilləşdirilməsi üzərində iş aparırlar. Yeni qaydalara görə, reytinq agentlikləri gələcəkdə Aİ ölkələri barədə reytinq hesabatlarını əvvəlcədən müəyyən olunmuş tarixdə, yalnız iş saatları xaricində və Avropada birjalar açılmamışdan əvvəl elan edə biləcəklər. Bu addım beynəlxalq bazarlarda kəskin reaksiyaları önləməyə xidmət edəcəkdir. Həmçinin agentliklər hesabatları hansı meyarlar əsasında tərtib etdiklərini də rəsmi şəkildə qeyd etməli olacaqlar.
Elgün Niftəliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana