SİYASƏT
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbərinə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun fəxri üzvü sertifikatı təqdim edilmişdir
Bakı, 29 yanvar (AZƏRTAC). Yanvarın 29-da Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunda (CEİBC) Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Malena Mard ilə görüş keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, CEİBC-in baş icraçı direktoru Telman Əliyev görüşün tanışlıq xarakteri daşıdığını söyləmişdir.
CEİBC-in fəaliyyəti haqqında məlumat verən T.Əliyev bildirmişdir ki, bu qurum yarandığı gündən neftdən əldə edilən gəlirlərin qeyri-neft sektorunun inkişafına cəlb olunmasına kömək edir. Dünyanın 50 ölkəsində fəaliyyət göstərən CEİBC dövlət strukturları və özəl sektor arasında dialoqun dəstəklənməsi istiqamətində iş aparır.
Tədbirdə çıxış edən Malena Mard CEİBC-in Xəzər-Qara dəniz regionunda əlaqələri möhkəmləndirmək üçün mühüm bir platforma olduğunu söyləmişdir.
Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın uğurla inkişaf etdiyini bildirən diplomat ötən ilin dekabrında Bakıda imzalanmış “Şahdəniz-2” üzrə yekun investisiya qərarının Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunu daha da artıracağını söyləmişdir. Səfir vurğulamışdır ki, Avropa İttifaqı Azərbaycan ilə ticari-iqtisadi əlaqələri inkişaf etdirmək niyyətindədir.
M.Mard ötən il Vilnüsdə Avropa İttifaqının III “Şərq tərəfdaşlığı” Sammitində Aİ və Azərbaycan arasında viza rejiminin sadələşdirilməsi ilə bağlı imzalanmış Sazişin əhəmiyyətindən də danışmışdır.
Sonra diplomat klubun üzvlərinin suallarını cavablandırmışdır.
Görüşdə Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbərinə Xəzər-Avropa İnteqrasiya İşgüzar Klubunun fəxri üzvü sertifikatı təqdim edilmişdir.