DÜNYA
Avropa İttifaqının mütəxəssisləri minlərlə ukraynalı hərbçiyə təlim keçəcək
Bakı, 14 oktyabr, AZƏRTAC
Avropa İttifaqının mütəxəssisləri təlim missiyası çərçivəsində minlərlə ukraynalı hərbçiyə Kiyevə verilən silah sistemlərini idarə etməyi öyrədəcək, həmçinin tibbi təlim keçəcək.
AZƏRTAC “The New York Times” qəzetinə istinadla xəbər verir ki, Avropa İttifaqı Ukrayna hərbçilərinə hazırda Afrika ölkələrində təlim keçir. Bu dəfə isə planlaşdırılan missiya ilk dəfə olaraq Aİ ərazisində təşkil ediləcək. Missiya Avropa Sülh Fondu tərəfindən maliyyələşdiriləcək.
Qəzetə açıqlama verən diplomatların sözlərinə görə, təlimlərin Avropada keçirilməsi ilə bağlı danışıqlar bir neçə həftə davam edib. İttifaqın bəzi ölkələri əvvəlcə missiyanın “müharibəyə cəlb olunma riskini artıracağını” hesab etsələr də, yekunda onu dəstəkləyiblər. Missiyanın təfərrüatları noyabr ayının ortalarına qədər razılaşdırılmalıdır.
Plana əsasən təlimlərə Polşa və Almaniya rəhbərlik edəcək. Eyni zamanda, missiyanın qərargahı Polşada, ali komandanlıq və əlavə təlim mərkəzləri isə Almaniyada yerləşdirilə bilər. Mütəxəssislərin ilkin olaraq 15 minə yaxın ukraynalı hərbçiyə təlim keçəcəyi gözlənilir.
Hazırda NATO, ABŞ və Böyük Britaniya Ukrayna ordusuna Avropa ərazisində təlim keçir, lakin yeni Aİ missiyası ayrıca fəaliyyət göstərəcək.
Bir müddət öncə Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrel təlim missiyası ilə bağlı yekun qərarın oktyabrın 17-də Aİ ölkələrinin xarici işlər nazirlərinin Lüksemburqda keçiriləcək görüşündə veriləcəyini bildirib.