Rumıniya voleybol millisinin baş məşqçisi: Azərbaycan yığması bizə təhlükəli anlar yaşatdı
Bakı, 18 may, AZƏRTAC
“Nəticəyə görə xoşbəxtəm. Komandam çox əziyyət çəkdi. Amma yenə də bu hesab gözlənilən idi”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında kişi voleybolçulardan ibarət Rumıniya millisinin baş məşqçisi Sergiu Stanku Qızıl Avropa Liqasının ilk oyununda Bakıda Azərbaycan yığmasına 3:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.
Mütəxəssis millimizin 3-cü setdə daha yaxşı oyun nümayiş etdirdiyini bildirib: “Azərbaycan yığması bizə təhlükəli anlar yaşatdı. İlk iki setdə üstünlüyü qoruduq. Amma son hissədə oyunçularımda rahatlıq hiss etdim. Buna baxmayaraq, matçdan əvvəl də nəticənin bizim lehimizə yekunlaşacağını təxmin edirdim. Ona görə də sürpriz olmadı. Çünki voleybolçularım oyuna fiziki və taktiki baxımdan yaxşı hazırlaşmışdılar. Onların gücünə bələdəm. Amma bu, idmandır. Hər an hər şey əleyhimizə dəyişə bilərdi. Komandamızda atmosfer əla idi. Hamı bilirdi ki, yaxşı oyun nümayiş etdirəcəyik. Voleybolçularım öz üzərilərində çox çalışdılar. Onların hər biri peşəkar idmançılardır. Qarşılaşmanın gedişində yaranmış çətin vəziyyətləri öz xeyirlərinə dəyişə bildilər. Bu məqam bizim üçün olduqca vacibdir”.
O, Qızıl Avropa Liqasında komandasının hədəflərindən də bəhs edib: “Təbii ki, hər oyuna qələbə üçün çıxırıq. Bu turnirdə yarışan heç bir kollektiv zəif deyil. Rəqiblərimizin hər birinə hörmət edirəm. Sırada bizi Xorvatiya seçməsi ilə matç gözləyir. Bu görüşdə eyni nəticəni göstərəcəyimizə inanıram”.