İQTİSADİYYAT
Avropa ölkələrinin bəzilərinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faizə çatır
Bakı, 13 fevral (AZƏRTAC). Azərbaycan tərəfindən nəqliyyat və enerji sahələrində irəli sürülmüş təşəbbüslər və layihələr nəinki bizim maraqlarımızı və bölgə maraqlarını, qitə maraqlarını təmin edir və edəcəkdir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu sözləri fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransdakı nitqində bildirmişdir.
Ölkəmizin artıq bu sahələr üzrə əvəzolunmaz tərəfdaşa çevrildiyini deyən dövlətimizin başçısı diqqətə çatdırmışdır ki, Avropa ölkələrinin bəzilərinin enerji balansında Azərbaycan neftinin payı 30-40 faizə çatır. Beləliklə, artıq biz neft resurslarımızla bəzi ölkələrin enerji təhlükəsizliyini təmin edirik. “Bizim təşəbbüsümüzlə başlanan TANAP layihəsi isə Azərbaycan qazının müxtəlif ölkələrə nəql olunmasını təmin edəcəkdir”, - deyən Prezident İlham Əliyev qeyd etmişdir ki, beləliklə, Azərbaycan qaz sahəsində də enerji təhlükəsizliyi məsələlərinin həlli işində əvəzolunmaz tərəfdaşa çevriləcəkdir.