DÜNYA
Avropa Parlamenti Saxarov mükafatının gənc pakistanlı Malalaya verilməsini qərara almışdır
Paris, 10 oktyabr (AZƏRTAC). Avropa Parlamentinin üzvləri oktyabrın 10-da Strasburqda keçirilən yığıncaqda 2013-cü ilin Saxarov mükafatının ölkəsində qızların təhsili uğrunda mübarizə aparan 16 yaşlı pakistanlı Malalaya verilməsi barədə yekdil qərara gəlmişlər.
Parlamentin sədri Martin Şults jurnalistlərə müsahibəsində bildirmişdir ki, parlamentin bütün siyasi qrupları mükafatın yalnız öz hüquqları deyil, eyni zamanda, ölkədəki bütün qızların hüquqları və təhsil almaları uğrunda qorxmadan və yorulmadan mübarizə aparan qıza verilməsi ilə bağlı ümumi razılığa gəlmişlər.
Əlli min avro dəyərində olan mükafat noyabr ayında Strasburqda keçiriləcək tədbirdə təntənəli şəkildə Malalaya təqdim olunacaqdır.
Keçən il Talibanlar tərəfindən həyatına sui-qəsd olunan və təsadüf nəticəsində sağ qalan Malala həm də beynəlxalq Nobel mükafatına real namizəddir.
Saxarov mükafatı 1988-ci ildə təsis edilmişdir. Mükafat insan haqları və fikrini azad ifadə etmək uğrunda mübarizə aparan şəxslərə və təşkilatlara verilir.
Əsgər Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Paris