MƏDƏNİYYƏT
Avropa regionundan YUNESKO-ya üzv dövlətlərin Milli komissiyalarının nümayəndələrinin iştirakı ilə videokonfrans formatında görüş keçirilib

Görüşdə YUNESKO-nun 2022-2029-cu illər üzrə Ortamüddətli Strategiyası layihəsinin müzakirəsi aparılıb
Bakı, 22 iyul, AZƏRTAC
Avropa regionundan YUNESKO-ya üzv dövlətlərin Milli komissiyalarının nümayəndələrinin iştirakı ilə təşkilatın 2022-2029-cu illər üzrə Ortamüddətli Strategiyası layihəsinin müzakirəsi məqsədilə videokonfrans formatında görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri - YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov təmsil edib.
Əvvəlcə YUNESKO-nun Strateji Planlaşdırma Bürosunun direktoru Jan-İv Lö So Ortamüddətli Strategiyanın tərtib edilməsi ilə bağlı hazırlanmış hesabatı təqdim edib.
Daha sonra Milli komissiyaların nümayəndələri YUNESKO-nun fəaliyyət mandatına aid olan Dayanıqlı İnkişaf Məqsədləri, eləcə də təşkilatın hədəf proqramları barədə təmsil etdikləri dövlətlərin mövqeyini bildirib və fikir mübadiləsi aparıblar.
Görüşdə YUNESKO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının Baş katibi Elnur Sultanov çıxış edib. O, çıxışında hazırlanacaq Ortamüddətli Strategiya sənədinin əhəmiyyətini vurğulayaraq Azərbaycanın YUNESKO-nun etibarlı tərəfdaşı kimi Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə sadiq olduğunu, bu xüsusda hamı üçün keyfiyyətli təhsil və həyatboyu öyrənmə, gender bərabərliyi, gənclərin potensialının gücləndırilməsi, sülhpərvər və inklüziv cəmiyyətin təşviq edilməsinin vacib olduğunu bildirib. O, mədəniyyətlərarası dialoqun təşviqində Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2008-ci ildə əsası qoyulmuş Bakı Prosesinin qlobal əhəmiyyətini, bu çərçivədə YUNESKO ilə birgə keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq forumlarının müasir çağırışlar barədə müzakirələr aparmaq üçün nadir platforma olduğunu vurğulayıb və təşkilat tərəfindən gələcək illərdə mədəniyyətlərarası dialoqun təşviqi üçün səylərin davam etdirilməsinin vacibliyini bildirib.
Elnur Sultanov çıxışı zamanı bugünkü dünyada mövcud münaqişələr və təhlükələrə toxunaraq, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən hərbi işğala məruz qaldığını, 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz istiqamətində hərbi təxribata əl ataraq hücuma cəhd etdiyini, mülki əhalini və infrastrukturu hədəf aldığını və bu faktın YUNESKO dəyər və prinsiplərinin kobud şəkildə pozulması demək olduğunu bildirib. O, həmçinin hazırda nasizm və bənzər ideologiyaların qəhrəmanlaşdırılmasının narahatlıqla müşahidə olunduğunu, nasistlərə xidmət edənlərə heykəllərin ucaldıldığını, bu ideyaların dərsliklərə salındığını və bunun bəzi ölkələrin dövlət siyasətinin tərkib hissəsi olduğunu qeyd edib. O, Azərbaycanın beynəlxalq arenada irqi ayrı-seçkilik, ksenofobiya və dözümsüzlüyün müasir formalarına qarşı çıxdığını bildirərək bu təhlükəli tendensiyaların qarşısının alınması və sülh mədəniyyətinin, təhsilin təşviq edilməsində YUNESKO-nun səylərinin artırılmasının vacib olduğunu qeyd edib.