İQTİSADİYYAT
Avropa türkmən qaz-benzininə maraq göstərir
Aşqabad, 29 iyun, Laçın Sultanova, AZƏRTAC
Avropa ölkələrinin bir çoxu artıq qaz-benzin istehsalı üzrə zavodun məhsullarına maraq göstərdiklərini təsdiq ediblər. Bu müəssisə dünən Türkmənistanın Axal vilayətində istismara verilib. Artıq Bolqarıstan, Rumıniya, Yunanıstan və digər ölkələrdən sifarişlər daxil olub.
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov qaz-benzin istehsalı üzrə yeni zavodun məhsullarının ilk partiyasının göndərilməsinə start verib. Yeni müəssisədən xüsusi avtomobillər və qazdan, habelə təbii maye qazdan istehsal edilmiş yanacaq-benzin daşıyan sisternlərin olduğu qatar yola salınıb. Qurbanqulu Berdiməhəmmədov vurğulayıb ki, bu məhsulun ilk 60 tonu humanitar yardım kimi qardaş Əfqanıstan xalqına göndəriləcək.
Zavodun istehsal etdiyi sintetik yanacaq özünün ideal ekoloji keyfiyyətləri ilə fərqlənir. Onun tərkibində ətraf mühit üçün zərərli olan kükürd birləşmələri və azot tərkibli üzvi birləşmələr yoxdur. Zavodun əsas məhsulu ECO-93 benzinidir.