İQTİSADİYYAT
Avropa Yenidənqurma və İnkişaf Bankının Şərqi Avropa ölkələri və Qafqaz üzrə idarəçi direktoru Londondan Kiyevə köçürülür
Kiyev, 6 may (AZƏRTAC). Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) Şərqi Avropa ölkələrində və Qafqazda fəaliyyətini genişləndirməsi ilə əlaqədar Fransua Malijeni bu regionda idarəçi direktor təyin etmişdir. AZƏRTAC bu barədə “İnterfaks-Ukrayna” agentliyinə istinadla xəbər verir.
AYİB-in mətbuat xidmətində bu məlumatı dəqiqləşdirərək bildirmişlər ki, F.Malije Bankın Azərbaycan, Belarus, Moldova, Ukrayna, Gürcüstan və Ermənistanda fəaliyyətinə nəzarət edəcəkdir. Bununla bərabər, adı çəkilən ölkələrdəki yerli ofislər öz fəaliyyətlərini əvvəlki rejimdə davam etdirəcəklər.
Mayın 1-dən bu vəzifədə işə başlamış F.Malije bir il ərzində Londondan Kiyevə köçəcəkdir. AYİB-də 2010-cu ilin fevral ayından işləyən Malije Bankın Qərbi Balkan, Şərqi Avropa ölkələrində, Türkiyədə, son vaxtlar isə həm də Aralıq dənizi bölgəsinin cənub və şərq hissəsində yerləşən maliyyə təşkilatlarının inkişafı məsələləri ilə məşğul olmuşdur.
F.Malije AYİB-ə keçməzdən əvvəl “BNP Paribas”da korporativ inkişaf üzrə idarəçi direktor idi.
Mənbə bildirir ki, AYİB indiyə qədər Şərqi Avropa və Qafqaz ölkələrində 894 layihəyə təqribən 15 milyard avro həcmində sərmayə qoymuşdur.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev