DÜNYA
Avropada “Arzu laynerləri”nin uçuşu qadağan edilmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) “Boeing 787 Dreamliner” təyyarələrinin uçuşunu dayandırmışdır. Agentlik ilin əvvəlindən “Arzu layneri”ndə baş vermiş bir sıra insidentlərdən sonra bu qərara gəlmişdir. Bu məlumatı Associated Press yaymışdır. EASA-nın saytında isə hələlik bu haqda heç bir məlumat yoxdur.
Oxşar qadağanı yanvarın 17-dən əvvəl ABŞ-ın Federal Aviasiya Administrasiyası (FAA) tətbiq etmişdir. FAA-nın tövsiyəsi ilə Hindistan və Çili aviaşirkətləri onlara məxsus “Arzu laynerləri”nin istismarını dayandırmışlar. Bundan bir gün əvvəl Yaponiya təyyarəçiləri “Dreamliner”də uçuşdan imtina etmişlər.
Reutres agentliyinin bildirdiyi kimi, hazırda yalnız Polşanın LOT aviaşirkəti “Arzu laynerləri”ndən istifadə edir. Avropada bu laynerin ilk alıcısı həmin şirkət olmuşdur: onun sifariş etdiyi səkkiz “Dreamliner”dən birincisi ötən ilin noyabrında Varşavaya çatdırılmışdır.
İlin əvvəlindən “Arzu laynerləri”ndə yanacaq itkisi və litium-ion akkumulyatorlarının alışması ilə əlaqədar bir sıra fövqəladə hadisələr baş vermişdir. Amerika nizamlayıcıları yanvarın 11-dən “Dreamliner”in yoxlanmasına başlamışlar. Bundan bir neçə gün sonra FAA-da tələb etmişlər ki, “Arzu laynerləri”ndən istifadə edən şirkətlər akkumulyatorların təhlükəsiz işləməsini təsdiqləsinlər və bu cür analoji tədbirləri digər ölkələrə də tövsiyə etsinlər.