DÜNYA
Avropada telefonlar dinlənilir, sosial şəbəkələr nəzarət altında saxlanılır
Bakı, 27 iyun (AZƏRTAC). Avropa Komissiyası Böyük Britaniyadan kəşfiyyat xidmətinin telefon zənglərini dinlənməsi və internet şəbəkələrində, xüsusilə Almaniyanın internet məkanında izlənmə faktları ilə bağlı izahat tələb etmişdir.
“Euronews” telekanalının məlumatına görə, Almaniyanın ədliyyə naziri Sabina Loythosser məsələnin araşdırılması üçün hökumət səviyyəsində komissiya yaradılmasını təklif etmişdir. O demişdir ki, “Prizm” və “Tempora” izləmə proqramları ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Lakin Böyük Britaniya hökuməti ona ünvanlanmış müraciətləri cavabsız qoymuşdur.
ABŞ-ın Federal Təhqiqatlar İdarəsinin keçmiş əməkdaşı Edvard Snouden “Guardian” qəzetinə Böyük Britaniya kəşfiyyatının “Tempora” proqramı vasitəsilə gün ərzində 600 milyon telefon danışığının dinlənildiyini xəbər vermişdir.
Böyük Britaniya hökuməti məsələ ilə bağlı hələ ki, susur. Brüssel rəsmi Londona bir həftə vaxt vermişdir.