ELM VƏ TƏHSİL
Avstraliya Parlamentinin nümayəndələri Azərbaycan Dillər Universitetində olub
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycan Dillər Universitetinin rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Avstraliya Parlamentinin deputatı Luk Simpkinsin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
ADU-dan AZƏRTAC-a bildiriblər ki, görüşdə S.Seyidov qonaqlara rəhbərlik etdiyi ali məktəb barədə məlumat verib. Bildirilib ki, burada 22-dək dil tədris olunur, müxtəlif dil və mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Rektor Azərbaycan-Avstraliya əlaqələrinin əhəmiyyətindən və iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın perspektivlərindən danışıb.
Səmimi görüşə görə təşəkkür edən L.Simpkins ADU ilə tanışlıqdan məmnunluğunu bildirib. Avstraliyalı qonaq ikitərəfli əlaqələrin möhkəmlənməsində təhsilin böyük əhəmiyyətindən söz açıb.
Görüşdən sonra qonaqlar universitetdə fəaliyyət göstərən İnformasiya Resurs Kompleksi ilə tanış olublar.