DÜNYA
Avstriyada təhsil şansları qeyri-bərabər bölünüb
Vyana, 23 oktyabr, AZƏRTAC
Dünyanın bir çox sənaye ölkələri ilə müqayisədə Avstriyada təhsil ala bilmə şansları xüsusilə qeyri-bərabər bölünüb.
AZƏRTAC xəbər verir ki, bu barədə məlumat oktyabrın 23-də təqdim olunan “Təhsildə şans bərabərliyi” hesabatında öz əksini tapıb.
Hesabatda göstərilir ki, bu ölkədə valideynlərin sosial-iqtisadi vəziyyəti övladların təhsilində ciddi rol oynayır. Eyni zamanda, uşaqların təhsil prosesi də valideynlərin ali təhsilli olub-olmamasından asılılığı ilə seçilir. Hesabatda Avstriyanın göstəricilərinin İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) orta göstəricisindən ciddi fərqləndiyi əks olunub.
Avstriyanın təhsil naziri Haynts Fassmann qeyd edib ki, uşaqlar arasında təhsildə şans bərabərliyini təmin etmək üçün sosial-iqtisadi cəhətdən aşağı təminatlı ailələrin övladlarına məktəbdə deyil, uşaq bağçalarında diqqət ayrılmalı və bunun üçün xüsusi proqramlar təqdim edilməlidir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana