SİYASƏT
“AZAD, ŞƏFFAF, ƏDALƏTLİ SEÇKİLƏR” QHT KOALİSİYASININ MÜŞAHİDƏÇİLƏRİ PREZİDENT SEÇKİLƏRİ İLƏ BAĞLI İLKİN RƏYLƏRİNİ AÇIQLAMIŞLAR
AZƏRTAC xəbər verir ki, Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatlarını - Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını, Demokratik Seçkilər Mərkəzini, “İntellekt” Tədqiqatlar Mərkəzini, Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzini və Azərbaycan Regionların İnkişafı Mərkəzini birləşdirən “Azad, şəffaf, ədalətli seçkilər” QHT Koalisiyası oktyabrın 16-da keçirilmiş mətbuat konfransında prezident seçkiləri ilə bağlı ilkin rəyini açıqlamışdır.
Koalisiyanın müşahidəçiləri 57 seçki dairəsində müşahidələr aparmış, təxminən 2 min seçki məntəqəsində olmuşlar.
Bildirilmişdir ki, bu seçkilər ötən illərin seçkilərindən fərqli olmuşdur. Dairə və məntəqə seçki komissiyalarında, eləcə də MSK-da seçki kampaniyası bütün mərhələlərdə yüksək səviyyədə təşkil olunmuş, seçkilərin nəticələrinə təsir göstərə biləcək nöqsanlar müşahidə olunmamışdır.
Koalisiyanın üzvləri Eldar İsmayılov, Çingiz İsmayılov, Mübariz Əhmədoğlu bildirmişlər ki, Azərbaycanda keçirilmiş seçkilər Avropa standartlarına tam cavab verir. Bu, onunla bağlıdır ki, ölkə rəhbərliyi şəffaf və azad seçkilərin keçirilməsində maraqlıdır. Oktyabrın 15-də baş tutmuş seçkiləri qonşu dövlətlərdə keçirilmiş seçkilərlə müqayisədə daha şəffaf saymaq olar.
57 seçki dairəsində keçirilmiş “exit-poll”un nəticələrinə görə, İlham Heydər oğlu Əliyev seçicilərin səslərinin 85,7 faizini toplamışdır.