İQTİSADİYYAT
AZAL və “airBaltic” Bakı-Riqa-Bakı marşrutu üzrə birgə reyslər yerinə yetirəcək
Bakı, 17 fevral, AZƏRTAC
“Azərbaycan Hava Yolları” QSC (AZAL) və Latviyanın “airBaltic” aviaşirkəti 2016-cı il mayın 29-dan etibarən Bakı-Riqa-Bakı marşrutu üzrə birgə reyslər yerinə yetirməyə başlayacaq.
“Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, birgə istismar haqqında razılaşmaya (code-share agreement) əsasən, “airBaltic” aviaşirkətinin bu hava xətti üzrə reysləri hər iki aviaşirkətin kodları altında yerinə yetiriləcək.
Riqa-Bakı marşrutu üzrə birbaşa uçuşlar hər həftənin çərşənbə və bazar günləri baş tutacaq. Bakıdan Riqa istiqamətində uçuşlar isə bazar ertəsi və cümə axşamı günləri həyata keçiriləcək.
Heydər Əliyev Beynəlxalq Aeroportundan uçuş - Bakı vaxtı ilə səhər saat 07:05-də, Riqa Beynəlxalq Aeroportuna enmə - yerli vaxtla saat 09:15-də, Riqadan uçuş - yerli vaxtla saat 23:55-də, Heydər Əliyev Beynəlxalq Aeroportuna enmə - Bakı vaxtı ilə saat 05:50-də baş verəcək.
Bakı-Riqa-Bakı marşrutu üzrə aviabiletin qiyməti 314 avrodan başlayır.
Riqaya reyslər biznes və ekonom salonlu, komfortlu “Boeing-737” laynerləri ilə həyata keçiriləcək.
Biletləri AZAL-ın və “airBaltic” aviaşirkətinin kassalarında əldə etmək və www.azal.az və www.airbaltic.com saytlarında bronlaşdırmaq mümkündür.
Aviabiletləri əldə etmək və daha ətraflı məlumat almaq üçün (+994 12) 598-88-80; *8880 telefon nömrələri ilə əlaqə saxlamaq mümkündür.